REGİONLAR
Tələbələr Cəmşid Naxçıvanskinin ev-muzeyində olublar
Naxçıvan, 27 aprel, AZƏRTAC
“Naxçıvan” Universitetinin tələbələri Cəmşid Naxçıvanskinin Naxçıvan şəhərində yerləşən ev-muzeyində olublar.
AZƏRTAC xəbər verir ki, muzeyin baş elmi işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Gülnaz Hüseynova tələbələrə muzey haqqında ət¬raflı məlumat verib.
Bildirilib ki, ev-muzeyi Kən¬gərli xanları nəslinin nümayəndəsi, Azərbaycan atıcı diviziyasının komandiri, general Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar 1981-ci ildə onun yaşadığı evdə yaradılıb. Muzeydə generalın həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyalarından ibarət 6 minə yaxın eksponat qorunub saxlanılır. Bunların içərisində C.Naxçıvanskinin ilk hərbi təhsil illərinə aid fotoşəkillər, Birinci Dünya müharibəsinə, eləcə də 1918-20-ci illərdə milli orduda hərbi xidmətinə dair sənədlər, 1921-31-ci illərdə Azərbaycanın ilk milli atıcı diviziyasına komandirliyi dövrünə aid fotolar, həmçinin 1931-33-cü illərdə Frunze adına Hərbi Akademiyada təhsil aldığı və 1933-cü ildən hərbi pedaqoji fəaliyyətə başladığı illərə dair qiymətli sənədlər var.
Muzeyin ekspozisiya zalında XVIII -XIX əsrlərə aid Naxçıvan xanlarının şəcərə cədvəli tələbələrdə maraq oyadıb. Muzeyin digər zalları isə memorial otaqlar kimi nümayiş etdirilir. Bu otaqlarda Kəngərlilər nəslinə aid ev və məişət əşyaları qorunub saxlanılır.
Tələbələrin diqqətinə çatdırılıb ki, son illərdə əldə edilən eksponatlar əsasında C.Naxçıvanskinin ömrünün son günlərini əks etdirən guşə də yaradılıb. Həmin guşədə 1930-cu illər repressiya qurbanlarının C.Naxçıvanskinin timsalında hansı təqiblərə məruz qaldığı öz əksini tapıb.
Görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanski¬nin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il aprelin 9-da imzaladığı Sərəncam ilə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər planına əsasən, görkəmli sərkərdənin yubileyi muxtar respublikada geniş qeyd olunur.