REGİONLAR


Tələbələr Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində olublar

Naxçıvan, 21 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə təhsil alan tələbələri Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində olublar.

AZƏRTAC xəbər verir ki, tələbələrlə görüşdə komitənin sədri Müslüm Cabbarzadə mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il mayın 19-da imzaladığı Sərəncamı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bazasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yaradıldığını bildirib. Komitənin inzibati binasında müasir avadanlıqlarla təchiz olunmuş iş otaqları, iclas zalı, xəritəçəkmə, server və çap otaqları, 3 arxiv otağı, digər yardımçı otaqlar mövcuddur. Komitənin arxivində 200 minə yaxın torpaq və digər daşınmaz əmlak obyektlərinə dair arxiv sənədləri, torpaq balansı, geobotaniki tədqiqatlar, torpaqdan istifadə hüququna dair Dövlət Aktları, müxtəlif miqyaslı bərk və kağız xəritələr, torpaq islahatı materialları, yerquruluşu sənədləri, kosmik fotoplanlar və elektron variantda materiallar qorunub saxlanılır. Binada Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, onun Naxçıvan Şəhər İdarəsi və komitənin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutu fəaliyyət göstərir.

Qeyd olunub ki, komitə ilə rayon (şəhər) idarələri arasında optik kabel vasitəsilə elektron əlaqə yaradılıb, daşınmaz əmlakın qeydiyyatının Milli Qeydiyyat Sistemi vasitəsilə elektron qaydada aparılması təmin edilib. Hazırda komitə tərəfindən vətəndaşlara 27 növdə elektron, 5 növdə səyyari xidmət göstərilir. Diqqətə çatdırılıb ki, perspektiv inkişafın təmin edilməsi, gələcək nəsillərin məskunlaşması və əhalinin ərzaq tələbatının daha dolğun ödənilməsi sahib olduğumuz torpaqların mühafizəsindən, ondan səmərəli istifadə səviyyəsindən asılıdır. Muxtar respublikada bütün sahələrdə olduğu kimi, torpaqlardan səmərəli istifadə istiqamətində də həyata keçirilən tədbirlər təkcə bu günümüzə deyil, eləcə də gələcəyə hesablanmış iqtisadi və sosial siyasətin bir hissəsidir. Torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi, daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi istiqamətində kollektiv qarşısında ciddi vəzifələr dayanır. Torpaqlardan istifadəyə dövlət nəzarəti, torpaq monitorinqi, yerquruluşu və geodeziya, xəritəçəkmə fəaliyyətinin yeni tələblərə uyğun təşkili üçün komitədə davamlı işlər aparılır.

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyev, komitənin informasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədov, daşınmaz əmlakın hüquqi ekspertizası və reyestrin aparılması sektorunun baş məsləhətçisi Tural Cəfərov tələbələr qarşısında çıxış ediblər.

Sonra tələbələr komitədə iş prosesi ilə tanış olub, müasir geodeziya-ölçü cihaz və avadanlıqlarına baxıblar. Çöl şəraitində iş prosesi ilə tanışlıq zamanı tələbələrə bu cihazlardan istifadə qaydaları haqqında məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.