REGİONLAR
Tələbələr II Qış Elm Festivalı çərçivəsində yeni layihələrini təqdim ediblər
Xırdalan, 21 dekabr, AZƏRTAC
Qafqaz Universitetində tələbələrin II Qış Elm Festivalı keçirilib. Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi tədbirdə Bakı Ali Neft Məktəbinin, Azərbaycan Diplomatik Akademiyasının, Tibb, Neft və Sənaye, Memarlıq və İnşaat, Pedaqoji universitetlərin, AMEA-nın Əlyazmalar, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası institutlarının, Bakı İstedadlar Təhsil Kompleksinin və bir sıra orta məktəblərin tələbələri öz layihələrini təqdim ediblər.
Qafqaz Universitetindən AZƏRTAC–a bildirilib ki, festivalda dil və ədəbiyyat, mühəndislik, biologiya, fizika, kimya, riyaziyyat və iqtisadiyyat sahələri üzrə 100-dən çox layihə nümayiş olunub.
Açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov qeyd edib ki, festival tələbələrin elmə olan marağının artırılmasında mühüm rol oynayır. Qafqaz Universiteti hər zaman tələbələrin elmi yeniliklərini dəstəkləyib.
Sonra iştirakçılar tələbələrin layihələri ilə maraqlanıblar. Qafqaz Universitetinin Pİ klubunun təqdim etdiyi riyazi metodlar iştirakçıların marağına səbəb olub.
Sonda keçirilən müsabiqədə qalib gələn layihələrin müəllifləri təşkilatçılar tərəfindən mükafatlandırılıblar.