REGİONLAR
Tələbələr “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasını nümayiş etdiriblər
Gəncə, 7 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə “Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin Tədbirlər Planına əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sabah” qrupunun tələbələrinin iştirakı ilə tamaşa göstərilib.
AZƏRTAC xəbər verir ki, Gəncə Dövlət Dram Teatrının səhnəsində nümayiş etdirilən tamaşa M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli Şah” pyesi əsasında hazırlanıb.
Əməkdar Artist, tamaşanın quruluşçu rejissoru Nofəl Vəliyev bildirib ki, gənc aktyorlar bu tamaşa ilə Gəncədən əvvəl Mingəçevirdə teatrsevərlərin alqışını qazanıblar. Gəncə şəhərindən sonra tamaşanın Şəki və Lənkəranda göstərilməsi nəzərdə tutulub.
O qeyd edib ki, “Müsyo Jordan və Dərviş Məstəli Şah” pyesində oynayan 11 tələbə hazırda Uilyam Şekspirin “Romeo və Cülyetta” faciəsinə həsr edilən tamaşada da rol alıblar. Qrup üzvləri yeni əsər üzərində də məşqlərini davam etdirirlər.