ELM VƏ TƏHSİL
Tələbələr “SABAH” qruplarına qəbul barədə məlumatlandırılıblar
Bakı, 24 aprel, AZƏRTAC
“SABAH” qruplarına 2017/2018-ci tədris ili üçün tələbə qəbulu üzrə müsabiqə barədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) birinci kurs tələbələrinə məlumat verilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMİU-nun müəllim və tələbələri iştirak edib.
AMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov qeyd edib ki, universitetin “SABAH” qruplarında hazırda 140-dək tələbə təhsil alır. Qış imtahan sessiyasının nəticələrinə əsasən, “SABAH” qrupunun tələbələri universitetdə ən yüksək nəticələr əldə ediblər. Prorektor AMİU-nun “SABAH” qrupları tələbələrinin hazırladıqları “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” layihəsini xatırladıb, bunu universitetin “SABAH” qruplarının böyük uğuru kimi dəyərləndirib.
Qış imtahan sessiyasını “əla” qiymətlərlə bitirən “SABAH” qrupları tələbələrinə universitet rəhbərliyi adından fəxri fərman təqdim edib.
Təhsil Nazirliyinin “SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə tələbələrə “SABAH” qruplarına 2017/2018 tədris ili üçün tələbə qəbulu üzrə müsabiqə barədə ətraflı məlumat verib. Qeyd edilib ki, “SABAH” qruplarına qəbul üç mərhələdə, müsabiqə yolu ilə aparılır. Müsabiqədə respublikanın istənilən ali təhsil müəssisəsində yalnız tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin birinci kursunda əyani təhsil alan və orta akademik göstəricisi 61-dən yuxarı olan tələbələr iştirak edə bilərlər. “SABAH” qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olanlar üçün gündə üç dəfə qidalanma daxil olmaqla ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha cazibədar namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir.
Sonra tələbələrin suallarını cavablandırılıb.