REGİONLAR


Tələbələr Zəngəzur Milli Parkı ilə tanış olublar

A+ A

Naxçıvan, 5 avqust, AZƏRTAC

Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin bir qrup tələbəsinin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına səyahəti təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tələbələr əvvəlcə parkın Culfa rayonunun Boyəhməd kəndi ərazisindəki infrastruktur obyektləri və buradakı muzeylə tanış olublar.

Parkla tanışlıqdan əvvəl Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru Mübariz Nuriyev bildirib ki, insan yalnız yaşadığı kəndi, şəhəri deyil, vətəninin hər bir qarışını sevməli, ona diqqət göstərməlidir. Belə parkları, qoruqları gəzmək, diyarımızın zəngin təbiəti ilə tanış olmaq hər bir gəncin vətəndaşlıq borcuna çevrilməlidir.

Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şövqi Əliyev tələbələrə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı haqqında geniş məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il iyunun 16-da imzaladığı Sərəncam ilə Ordubad rayonunun inzibati ərazisinin 12 min 131 hektar sahəsində Ordubad Milli Parkı yaradılıb. 2009-cu il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42 min 797,4 hektara çatdırılıb. Həmin Sərəncamla milli parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb. Milli parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27 min 870 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir. Bu parkın ərazisinin çox hissəsi dağlıqdır. Yayı quraq keçən iqlimi var. Ərazinin torpaq örtüyü müxtəlifdir. Ərazidə, əsasən, boz, çəmən-boz, allüvial-çəmən, dağ-meşə, çimli, dağ-çəmən torpaqlar yayılıb.

Bildirilib ki, 1990-cı illərdə quru torpaq sahələri olan ərazilər hazırda yaşıllıqlarla əvəz olunub. Bu da muxtar respublikada bütün sahələrlə yanaşı, ekologiyanın da inkişafının göstəricisidir.

Tələbələrə bukletlər paylanıldıqdan sonra onlar ərazi ilə tanış olublar. Qeyd edək ki, Ordubadın zəngin flora və fauna nümunələri, dərman bitkilərindən hazırlanan ekstraktlar, faydalı qazıntılar və o cümlədən nəsli kəsilməkdə olan heyvanların adları “Qırmızı Kitab”da özünə yer alıb.

Parkın elmi işçisi Samir Quliyev tələbələrin suallarını cavablandırıb, parkdakı bitki və heyvan növləri haqqında onları məlumatlandırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.