REGİONLAR
Tələbələr Zəngəzur Milli Parkında olublar
Naxçıvan, 29 may, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri muxtar respublikanın Şahbuz rayonunun ərazisində yerləşən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında olublar.
AZƏRTAC xəbər verir ki, ekskursiya zamanı gənclər əvvəlcə 6 kilometr məsafədə yürüş ediblər. Yürüşü birinci başa vuran üç tələbəyə təşkilatçılar tərəfindən idman çantaları təqdim edilib.
Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı haqqında tələbələrə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12 min 131 hektar sahəsində Ordubad Milli Parkı yaradılıb. 2009-cu il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42 min 797,4 hektara çatdırılıb. Həmin sərəncamla milli parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb.
Sonra tələbələr parkın ərazisindəki muzeylə tanış olublar. Muzeydə qoruq ərazisindəki flora və faunaya aid eksponatlar nümayiş etdirilir. Məlumat verilib ki, qoruqda 2 min 899 bitki növü yayılıb ki, bunların bir çoxu, məsələn, müxtəlif rəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, paradoksal süsən və başqaları endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunanın bu ərazilərdə yayılmasına imkan verib. Qoruğun ərazisi geoloji cəhətdən Təbaşir yaşlı çöküntülərdən ibarət sıldırım qayalıqlarla, nival və allüvial relyef formaları ilə səciyyələnir. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb. Tələbələrə qoruq haqqında məlumatları özündə əks etdirən broşürlər paylanıb.
Muxtar respublikanın Hava və Ekstremal İdman Növləri Federasiyasının əməkdaşı Şövqi Əliyev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd gənclərə Naxçıvanın turizm potensialını tanıtmaqdır. O, qeyd edib ki, Zəngəzur Milli Parkı ərazisinə ekskursiyalar bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, ekskursiya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Gənclər Fondunun və muxtar respublikanın Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşəbbüsü ilə təşkil olunub.