ELM VƏ TƏHSİL


Tələbələr arasında bədii yaradıcılıq festivalının ikinci mərhələsi üzrə seçimlər başa çatıb

Bakı, 19 aprel, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş, ali, orta ixtisas və ilk-peşə ixtisas təhsili müəssisələrinin tələbə və şagirdləri arasında bədii yaradıcılıq festivalının ikinci respublika mərhələsi üzrə seçimlər başa çatıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, seçimlər Bakı, Lənkəran və Gəncə şəhərlərində aparılıb.

Respublika mərhələsinin nəticələri elan olunduqdan sonra qaliblərin iştirakı ilə konsert proqramı keçiriləcək. Konsertdə incəsənətin müxtəlif janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər çıxış edəcəklər.

Hər il ənənəvi olaraq təşkil edilən ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirilməsinin məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə və milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda, incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq, inkişaf etdirməkdir.

Seçimlər xalq artistləri, əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən aparılıb.

Müxtəlif nominasiyalar üzrə keçirilən festivalın qalibləri Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və hədiyyələri ilə təltif olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.