İDMAN
Tələbələr arasında stolüstü tennis üzrə respublika birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 23 noyabr, AZƏRTAC
“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında respublika birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, təqvim planına şahmat, dama, stolüstü tennis, voleybol və basketbol daxildir.
Stolüstü tennis üzrə qızlar və oğlanlar arasında qaliblər müəyyənləşib. Oyunlar Azərbaycan Dövlət Pedaqoji Kollecinin idman zalında keçirilib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda qızlar arasında birinci yeri Azərbaycan Pedaqoji Kollecinin komandası tutub. Bakı Qida Sənayesi Kollecinin tələbələri ikinci, Bakı 2 nömrəli Baza Tibb Kollecinin komandası isə üçüncü olublar.
Oğlanlar arasında keçirilən Spartakiadanın nəticələrinə görə isə ilk üçlükdə Azərbaycan Pedaqoji Kollecinin, Bakı 2 nömrəli Baza Tibb Kollecinin və Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin təmsilçiləri qərarlaşıblar.