ELM VƏ TƏHSİL
Tələbələr konfransda İKT-dən istifadənin aktuallığı ilə bağlı məruzə etdilər
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Mədəniyyət və incəsənət təşkilatlarında İKT-dən istifadənin aktuallığı” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təşkil olunub.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, konfransda beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva, kulturologiya fakültəsinin dekanı, dosent Vasif Adilov, iqtisadiyyat və informatika kafedrasının baş müəllimi Gülşən Əliyeva çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
Universitetin iqtisadiyyat və informatika kafedrasının təşkilatçılığı ilə keçirilən konfransda “Elektron hökümətin sosial sferada yeri”, “Təhsil sistemində rəqəmsal məzmunun genişləndirilməsi (Distant təhsil)”, “Kitab yayımında İKT-nin rolu”, “ASAN” xidmət – vətəndaşlara xidmətin yeni texnologiyası kimi”, “Azərbaycanda elektron kitabxanaların formalaşması mərhələləri”, “Mədəniyyət və incəsənət təşkilatlarında İKT-dən istifadənin aktuallığı”, “İKT-nin turizmdə rolu” mövzularında tələbələrin slaydlar əsasında məruzələri dinlənilib.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.