CƏMİYYƏT
Tələbələr narkotik vasitələrin zərərləri barədə məlumatlandırılıblar
Bakı, 30 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Xətai Rayon Polis İdarəsinin (RPİ) və Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində (BANM) “Narkomaniyaya qarşı mübarizə” mövzusunda seminar keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin prorektoru Rəşad Həsənov ölkədə narkomaniyaya qarşı mübarizə sahəsində aparılan işlərdən danışıb. Qeyd edilib ki, tədbirin keçirilməsinin məqsədi gənclərin narkomaniya ilə mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar, onun insan sağlamlığına vurduğu zərərlər barədə maarifləndirilməsi və bu istiqamətdə aparılan işlərə tələbələrin cəlb edilməsidir.
DİN Xətai RPİ-nin rəisi, polis polkovniki Muradəli Babayev, Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədova və QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova narkomaniya ilə mübarizədə bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Çıxış edənlər narkomaniya xəstəliyinin simptomları, narkotik vasitələr, onların insan həyatına və cəmiyyətə təsiri, narkotik vasitələrdən asılılığın ağır nəticələri, insanlara vurduğu mənəvi zərbələr, bu xəstəliyə qarşı görülən profilaktik tədbirlər, yeni müalicə üsulları barədə məlumat veriblər. Onlar tələbələri Azərbaycanın sosial yüksəlişi, parlaq gələcəyi naminə gənc nəslin nümayəndəsi olaraq sağlamlıqlarını qorumağa, pis vərdişlərdən və narkomaniya xəstəliyindən uzaq olmağa, aparılan maarifləndirmə işlərində fəal iştirak etməyə çağırıblar.
Tədbirdə tələbələr narkomaniyaya qarşı mübarizə sahəsində hüquq mühafizə orqanlarının əməliyyat-axtarış fəaliyyəti, narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkomaniya problemlərinin dünya səviyyəsində aradan qaldırılması yolları, narkotiklərin yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan metodlar və bu xəstəliyin cəmiyyətdə yaratdığı əks təsirlər barədə məlumatlandırıblar.