ELM VƏ TƏHSİL
Tələbələr üçün əmək yarmarkası keçiriləcək
Bakı, 31 mart, AZƏRTAC
Mayın 23-də Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) və “Britiş Amerikan Tobakko” şirkətinin birgə təşkilatçılığı ilə tələbələr üçün əmək yarmarkası keçiriləcək.
Yarmarka işəgötürənləri, üçüncü və dördüncü kurs bakalavriat, həmçinin magistratura səviyyəsində təhsil alan tələbələri bir araya toplamaqla iş imkanlarını araşdırmağa əlverişli şərait yaradacaq.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əmək yarmarkası Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin beynəlxalq və yerli şirkətlərdə təcrübəyə cəlb edilməsinə, həmçinin onların işlə təmin olunma imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlər çərçivəsində keçirilir.
Yarmarkada ölkəmizdə fəaliyyət göstərən 100-dən artıq beynəlxalq və yerli şirkətin iştirakı nəzərdə tutulur. Onlar yarmarkaya 300-dən çox vakansiya haqqında məlumatla qatılacaqlar.
Əmək yarmarkası çərçivəsində işəgötürənlərlə tələbələr arasında tədbirdən əvvəl əlaqələr yaradılacaq, müəssisə təmsilçiləri namizədlər haqqında ətraflı məlumatlandırılacaq və tədbir günü müvafiq şirkət nümayəndələri ilə görüşlər təyin olunacaq. İlk dəfə yaradılan bu imkanlardan bəhrələnmək üçün tələbələr xüsusi proqram təminatı vasitəsilə şəxsi məlumatlarını daxil etməklə qeydiyyatdan keçəcəklər. Bundan sonra şirkətlər müvafiq namizədləri yarmarka zamanı nəzərdə tutulmuş vaxtlarda müsahibəyə dəvət edəcəklər.
Tədbirdə iştirak etmək istəyən tələbələr www.jobfair.az internet saytına daxil olmaqla qeydiyyatdan keçə bilərlər.