ELM VƏ TƏHSİL
Tələbələr ustad dərslərində fəal iştirak edirlər
Bakı, 1 dekabr, AZƏRTAC
Vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri, AMEA-nın müxbir üzvi Akif Musayev Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Magistratura Mərkəzində vergi ixtisaslaşması qruplarına ustad dərsi keçib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, A.Musayev “Azərbaycanda vergilərin və vergitutmanın müasir problemləri” mövzusunda mühazirə oxuyub. Mühazirədə vergi və vergitutma sahəsində mütərəqqi dünya təcrübəsi əsasında Azərbaycanda vergi qanunvericiliyinin təkmilləşdirilməsi vəzifələri, vergi sisteminin problemləri və inkişaf perspektivləri ilə bağlı məsələlər açıqlanıb.
Sonra magistrantların ölkəmizdə vergidən yayınmanın vəziyyəti və səbəbləri, müxtəlif vergi güzəştlərinin sosial-iqtisadi nəticələri, regionların inkişafının stimullaşdırılması üçün vergi mexanizminin imkanları ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, dövlət iqtisadi strukturlarının rəhbərləri ADİU-da magistrantlara mütəmadi ustad dərsləri keçirlər.