İQTİSADİYYAT
Tələbələrə biznesdə keyfiyyət idarəetmə sistemi ilə bağlı təlim keçirilib
Bakı, 8 noyabr, AZƏRTAC
"AtaHolding" ASC tələbələr üçün biznesdə keyfiyyət idarəetmə sistemi mövzusunda təlim keçirib.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, "AtaHolding"in keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynovun apardığı təlimdə müxtəlif ali məktəblərdə təhsil alan tələbələr iştirak ediblər. Bildirilib ki, azad bazar iqtisadiyyatında rəqabət mühitində dayanıqlı fəaliyyətin təmin edilməsi üçün müəssisələrdə keyfiyyət idarəetmə sisteminin qurulmasına böyük ehtiyac var. Fəaliyyət sahələrinə uyğun olaraq əməyin mühafizəsi, informasiya təhlükəsizliyi, ətraf mühit, qida təhlükəsizliyi və digər idarəetmə sistemlərini tənzimləyən beynəlxalq standartlar mövcuddur. Lakin bütün idarəetmə sistemlərinin bazasını keyfiyyət idarəetmə sistemi təşkil edir. Bu sistem İSO:9001 beynəlxalq standartın tələblərinə əsaslanır.
Təlimdə tələbələrə keyfiyyət menecment sisteminin səmərəsi və tətbiqi mərhələləri, müəssisə fəaliyyətində maraqlı tərəflər və onların maraq dairələri, hədəf planlaması, menecmentə sistemli yanaşma, biznes proseslərin əhəmiyyəti və tərtibi metodları barədə məlumat verilib, praktiki qrup çalışması aparılıb.