ELM VƏ TƏHSİL
Tələbələrə sosial siyasətin müxtəlif aspektləri ilə bağlı məlumat verilib
Bakı, 20 dekabr, AZƏRTAC
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycan Universitetində sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi Azərbaycanda həyata keçirilən sosial siyasətin müxtəlif aspektləri ilə bağlı tələbələri məlumatlandırmaqdır.
Görüşdə universitetin kafedra müdiri Aygün Musayeva sosial iş ixtisasının bu ali məktəbdə tədrisinin tarixi, vəziyyəti və nəzərdə tutulan inkişaf istiqamətləri barədə məlumat verib.
H.Rəcəbli sosial xidmət sahəsində dövlət siyasətinin əsas prinsipləri, ölkədə bu sahədə görülən işlər, 2011-ci ildə qəbul edilmiş “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun hazırlanması prosesi, qanunun əhatə dairəsi haqqında danışıb.
Komitə sədri sosial xidmətin forma və növləri ilə tələbələri tanış edib, əlilliyi olan insanlar üçün yaradılan xidmətlər, təqaüd və müavinətlər, bu sahələrdə həyata keçirilən islahatlar və digər məsələlərdən də söz açıb.
Sonda H.Rəcəbli müəllifi olduğu iki kitabı tələbələrə hədiyyə edib, sualları cavablandırıb.