ELM VƏ TƏHSİL
Tələbələrin əl işlərindən ibarət sərgi açılıb
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sərgi salonunda bu ali məktəbin inşaat fakültəsinin tələbələri Elvin Tahirov, Aygün İsmayıl, Toğrul Səbzəliyev və bu fakültənin məzunu Şəfiqə Cavadzadənin əl işlərindən ibarət sərgi açılıb.
AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə keçirilən tədbirdə inşaat fakültəsinin dekanı Hikmət Məmmədov yaradıcı gənclərin aşkarlanmasında belə tədbirlərin əhəmiyyətini qeyd edib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə taxtadan hazırlanmış güldan, badə, daxıl, tar nümunələri, taxta üzərində işlənən şəbəkə işləri, mənzərə, portretlər, dizayn və memarlıq layihələri təsvir olunan rəsmlər yer alıb.
Sərgi mayın 2-dək davam edəcək.