ELM VƏ TƏHSİL


Tələbələrin köçürülməsində daha bir yenilik

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 6-dan tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbuluna başlanılır.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu tədris ilindən etibarən tələbələrin köçürülməsində yenilik tətbiq olunub. Belə ki, fevralın 7-dən orta ixtisas təhsili müəssisələrinin tələbələri də transfer.edu.az elektron portalı vasitəsilə köçürülmək üçün müraciət edə bilərlər.

Sənədlərin elektron qəbulu fevralın 14-dək davam edəcək.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Portalın yaradılması köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi daşıyır.

Transfer.edu.az portalına müraciət edən şəxslərin köçürülmək istədikləri təhsil müəssisəsini seçmək imkanları var. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirə bilərlər.

Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyənləşdirilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.

Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak hüququ yoxdur.

2016-cı ilin avqustunda istifadəyə verilmiş transfer.edu.az portalına ümumi müraciət edənlərin sayı 241 nəfər olub. Onlardan 83-nə müsbət cavab verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.