İDMAN


“Telekom Bakı” klubu beynəlxalq voleybol turnirində ikinci yeri tutub

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Türkiyənin nüfuzlu turnirlərindən hesab olunan 5-ci “Boğaziçi” Beynəlxalq voleybol turnirində ölkəmizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin himayəsi ilə “Telekom Bakı” komandası təmsil edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, İstanbulun "Bahçeköy" İdman Salonunda keçirilmiş turnirində “Beşiktaş”, “Çanakkala”, “Əczaçıbaşı”, “Halkbank”, “Sarıyer Bələdiyyəsi” klubları güclərini sınayıblar.

“A” qrupunda “Telekom Bakı” ilk oyununda meydan sahibləri “Sarıyer Bələdiyyəsi” klubu ilə qarşılaşıb. Gərgin keçən oyunda komandamız 3:1 hesabı ilə qalib gəlib. Bakı təmsilçisi növbəti oyununda “Beşiktaş”a 3:0 hesabı ilə qalib gələrək qrup birincisi olub.

“B” qrupunda isə qalib dünya ulduzlarından təşkil olunmuş “Əczaçıbaşı” olub. “Əczaçıbaşı” “Çanakkala” və “Halkbank” komandaları üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

“Telekom Bakı” komandasının yarımfinalda rəqibi “B” qrupunun ikincisi “Çanakkala” olub. Baş məşqçi Zoran Qayiçin yetirmələri yüksək peşəkarlıq göstərərək 3:0 hesabı ilə oyunu qalib başa vurublar. Digər yarımfinal oyununda “Əczaçıbaşı” “Beşiktaş”ı 3:2 hesabı ilə məğlub edib.

“Çanakkala” bürünc medal uğrunda oyunda “Beşiktaş” üzərində 3:0 hesablı qələbə qazanıb.

Beşinci “Bogaziçi” Beynəlxalq voleybol turnirinin final oyununda “Əczaçıbaşı” və “Telekom Bakı” üz-üzə gəlib. Heyəti əsasən gənc oyunçulardan qurulan “Telekom Bakı” dünya yığması hesab edilən “Əczacıbaşı” komandasına uduzub. Oyunu 3:0 hesabı ilə xeyrinə bitirən “Əczaçıbaşı” turnirin qalibi olub.

Beləliklə, “Telekom Bakı” komandası turnirində fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.