İQTİSADİYYAT
Telekommunikasiya sahəsinin əməkdaşları elektron xidmətlər barədə məlumatlandırılıb
Bakı, 8 iyul, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə "Elektron hökumət" quruculuğu üzrə növbəti seminar nazirliyin tabeli qurum və müəssisələrinin əməkdaşları üçün təşkil olunub.
Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, seminarda “AzInTelecom” MMC, Dövlət Radiotezliklər İdarəsi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Elektron Hökumət Təlim-Tədris Mərkəzinin əməkdaşları iştirak ediblər. Mərkəzinin mütəxəssisi Ruslan Mürsəlov "Elektron hökumət" portalı, "Elektron imza", eləcə də portal üzrə təqdim olunan 452 elektron xidmət və bu xidmətlərin üstünlükləri barədə məlumat verib. O, portal üzrə əhali tərəfindən ən çox müraciət olunan xidmətlərlə əyani şəkildə iştirakçıları tanış edib.
Məlumat Hesablama Mərkəzindən bildirilib ki, vətəndaşları, idarə və müəssisələrin əməkdaşlarını elektron xidmətlər barədə məlumatlandırmaq üçün mütəmadi olaraq seminarlar təşkil olunur.