CƏMİYYƏT


Telesəhiyyə məsafədən xəstəyə göstərilən ilkin tibbi yardım xidmətidir

Bakı, 7 iyun, AZƏRTAC

Telesəhiyyə məsafədən qısa və tez bir zamanda canlı olaraq xəstəni vəziyyətini izləyib ona ilkin tibbi yardım göstərilməsi xidmətidir. Bəzən paytaxtdan uzaq bölgə və regionlarda elə vəziyyət yaranır ki, tibbi xidmətin bu növündən istifadə etmək zərurəti yaranır. Bölgələrdə yerləşən mərkəzi tibb müəssisələri vasitəsilə videoəlaqə yaradılır və ixtisaslı həkim və ya mütəxəssis həmin canlı əlaqə nəticəsində xəstənin vəziyyətini izləyib öz məsləhətlərini verir. Bu, müəyyən rayonlarda bəzi ixtisaslar üzrə həkim çatışmazlığı və bəzi məhdud ixtisaslar üzrə tibbi yardıma ehtiyac olanda xüsusilə səmərəlidir. Telesəhiyyə xidməti göstərilməsi üçün müasir rəqəmsal avadanlıq alınıb və uğurla istismar edilir.

Bu barədə Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Calalov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib. Onun dediyinə görə, müasir telesəhiyyə texnologiyaları, mobil cihazlar, müxtəlif telekommunikasiya proqramları onlayn videodialoq aparılması, konsultasiya tələb olunan müəssisənin mütəxəssisləri və məsləhətçi-həkimləri arasında telefon ismarıc mübadiləsi, o cümlədən rentgen, ultrasəs, exokardioqrama, kompüter və maqnit-rezonans tomoqrafiyası və s. müayinələrin canlı olaraq baxılmasına imkan verir. Konsultativ tibbi yardımı ixtisaslaşmış tibb müəssisələrində və ali tibb təhsili ocaqlarında çalışan alim, professor, dosent və digər aparıcı mütəxəssis və həkimlər aparırlar. Bu cür müasir tibbi xidmət növünün tətbiqi nəticəsində xəstələrin rayonlardan Bakıya köçürülmə sayında da xeyli azalma müşahidə olunub.

Stansiyanın baş həkiminin verdiyi məlumata görə, yeni xidmət növü bu ilin fevralından tətbiq edilməyə başlanılıb və ötən müddətdə telesəhiyyə xidməti vasitəsilə artıq 147 xəstəyə məsafədən tibbi yardım göstərilib. Bu, konsultativ xidmət göstərilmiş 389 xəstənin 37 faizi deməkdir. Telesəhiyyə vasitəsilə ən çox reanimotoloq, cərrah, nefroloq, mama-ginekoloq və nevroloqlardan məsləhətlər alınıb. Onun dediyinə görə, informasiya texnologiyalarının geniş tətbiq edildiyi bir sıra dünya ölkələrində xidmətin bu növü geniş yayılıb və uğurlu nəticələr verir. Baş həkim konkret olaraq ölkəmizin ucqar rayonlarından birində yaranmış vəziyyəti misal göstərərək telesəhiyyə vasitəsilə xəstəni ağır vəziyyətdən çıxarmaq üçün nəinki məsləhətlər verilib, hətta cərrahi əməliyyatın zəruri olduğu bildirilib, üstəlik əməliyyatın gedişi canlı olaraq izlənilib. Uğurlu əməliyyat nəticəsində ağır fəsadlardan qaçmaq mümkün olub və həmin xəstənin sağalaraq normal həyata qayıdıb.

Baş həkim jurnalistlərin suallarını cavab verdikdən sonra mətbuat nümayəndələrinə Bərdədən olan ginekoloji və Lerikdən olan nevroloji xəstəyə göstərilən telesəhiyyə xidməti əyani olaraq nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.