ELM VƏ TƏHSİL


Təlimə Dəstək Mərkəzinə işə qəbul üzrə imtahan keçiriləcək

Bakı, 13 yanvar, AZƏRTAC

Yanvarın 14-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nəzdində yaradılan Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul müsabiqəsinin imtahan mərhələsi keçiriləcək.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, imtahanda TDM-də metodist (mentor) kimi çalışmaq arzusunda olan 175 nəfərin iştirakı nəzərdə tutulub.

İmtahan elektron qaydada aparılacaq. Suallar təhsil qanunvericiliyi və ixtisasla bağlı mövzuları əhatə edəcək. Daha sonra namizədlər təqdim olunmuş mövzulardan birini seçərək esse yazacaqlar. İmtahanda müəyyənləşdirilmiş balı toplayan şəxslər müsahibə mərhələsinə buraxılacaqlar.

Qeyd edək ki, sənəd qəbulu ötən il dekabrın 2-dən 28-dək keçirilib.

Mərkəzin yaradılmasının məqsədi ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmini, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsidir. Mərkəz BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi verəcək və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodik kömək göstərəcək. TDM-də təlimin təşkili və idarəetmə, tədrisin idarə olunması, təhsilalanlarla işin təşkili və idarə edilməsi, fənn kurikulumlarının tətbiqinə nəzarət, e-resurs bölmələri fəaliyyət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.