ELM VƏ TƏHSİL
Təlimlərin iştirakçılarına sertifikatlar təqdim olunub
Bakı, 31 yanvar, AZƏRTAC
“İlk peşə-ixtisas təhsilində rəhbər və müəllim heyətinin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində həyata keçirilən “Liderlik və idarəetmə” təlimlərinin iştirakçılarına sertifikatların təqdim olunması ilə bağlı tədbir keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirliyin və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə reallaşdırılan layihənin məqsədi ilk peşə-ixtisas təhsili müəssisələri direktorlarının və digər rəhbər işçilərin bacarıqlarını artırmaqla təhsildə keyfiyyət və səmərəli idarəetməni təmin etməkdir.
Layihə çərçivəsində Peşəkar Təlim və Dəstək Mərkəzi yaradılıb, namizədlərə uzunmüddətli təlimlər keçirilib. Təlimlər təhsildə liderlik və idarəetmə, məktəbin idarə olunması, kurikulumun dizaynı, qiymətləndirmə, məlumatların təhlili, monitorinqi və qiymətləndirilməsi kimi əsas peşə təhsili komponentlərini əhatə edib.
Çıxış edən mütəxəssislər bu layihənin ilk peşə-ixtisas təhsili müəssisələrinin inkişafına töhfə verəcəyini vurğulayıblar.
Sonra təlimdə iştirak etmiş 25 nəfərə sertifikatlar verilib.
Birinci mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri və müəllimlər üçün təşkil edilib. Növbəti layihələrdə regionlardakı ilk peşə-ixtisas təsili müəssisələrinin nümayəndələri də təlimlərə cəlb olunacaqlar.