MƏDƏNİYYƏT


Telman Ağdamskinin 80 illik yubileyi qeyd olunub

A+ A

Bakı, 5 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC

Noyabrın 5-də Üzeyir Hacıbəylinin ev-muzeyində görkəmli kimyaçı alim, Əməkdar Müəllim Telman Ağdamskinin 80 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları yubilyarın ömür yolu və elmi fəaliyyətindən bəhs edən videoçarxa baxıblar.

Ev-muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Sərdar Fərəcov Üzeyir Hacıbəylinin ocağında Telman Ağdamskinin 80 illik yubileyinin keçirilməsinin təsadüfi olmadığını bildirib. Çünki yubilyar Azərbaycanda ilk qadın rollarının məharətli ifaçısı, opera müğənnisi, Əməkdar İncəsənət Xadimi Əhməd Ağdamskinin oğludur. S.Fərəcov Əhməd Ağdamskinin Üzeyir Hacıbəylinin xalası oğlu olduğunu, onun qadın rollarını heç də könüllü ifa etmədiyini, Üzeyir və Ceyhun Hacıbəyli qardaşlarının təklifi, tövsiyəsi ilə etdiyini bildirib.

Tədbirdə T.Ağdamskinin elmi fəaliyyəti, bir alim kimi uğurları və yetirmələri haqqında danışan akademiklər Rafael Hüseynov, Vaqif Abbasov bildiriblər ki, onun atası öz adını qızıl hərflərlə Azərbaycanda musiqili teatr tarixinə yazdırıbsa, oğlu da elm sahəsində yetişdirdiyi istedadlı alimlərlə tarixə düşüb. Natiqlər fizika-kimya elmini yorulmadan təbliğ edən alim-pedaqoqun öz ədəb-ərkanı ilə də bir ziyalı nümunəsi olduğunu söyləyiblər.

Tədbirdə AMEA-nın müxbir üzvü Ziya Əsədov, akademiyanın şöbə müdiri Elza Salahova, məktəbli Səidə Zalova yubilyarın bu gün də yorulmadan elmin keşiyində dayandığını, öz bilik və təcrübəsini yeni nəsillə bölüşdüyünü bildiriblər.

Mərasimdə vaxtilə Əhməd Ağdamskinin Ağdaşda açdığı musiqi məktəbinin məzunu, Telman Ağdamskinin yaxın dostu, Xalq Artisti, kamançaçı Munis Şərifovun və muğam müsabiqəsi qaliblərinin ifasında yubilyarın şərəfinə muğam və bəstəkar mahnıları səsləndirilib.

Sonda T.Ağdamski tədbirin təşkilatçılarına və ifaçılarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.