İQTİSADİYYAT
Təmir işləri ilə əlaqədar Mikayıl Əliyev küçəsində hərəkət məhdudlaşdırılıb VİDEO
Bakı, 3 noyabr, AZƏRTAC
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Nizami rayonu, Mikayıl Əliyev küçəsində təmir-tikinti işləri davam etdirilir. Təmir işləri küçənin Mehdi Abbasov küçəsi ilə Rüstəm Rüstəmov küçəsi arasında yerləşən hissəsində aparılır.
“Azəryolservis”dən AZƏRTAC-a bildirilib ki, bu tədbirlər nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədini daşıyır.
Məlumatda qeyd olunub ki, Mikayıl Əliyev küçəsinin təmir olunan hissəsinin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir. Hazırda küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bu işlər 36 min 500 kvadratmetr sahədə həyata keçiriləcək. Bu səbəbdən sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik tam olaraq məhdudlaşdırılıb.
Küçə boyu səth suların normal kənarlaşdırılması üçün yağış-kanalızasiya sistemi olmadığından yolun hərəkət hissəsinə yığılan sular yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasına səbəb olurdu və nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törədirdi. Artıq bu problem də öz həllini tapıb. Belə ki, təmir-tikinti işlərinin aparıldığı hissədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yeni yağış-kanalızasiya sistemi qurularaq, yeni yağış barmaqlıqları qoyulub.
Eyni zamanda, küçə boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri qurulub, 2700 poqonmetr yeni səki daşları düzülüb.
Mikayıl Əliyev küçəsində təmir-tikinti işləri tərtib olunmuş cədvələ əsasən aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.