İQTİSADİYYAT
Təmirlə bağlı “Ağsu dolayları” ilə nəqliyyatın hərəkəti qısa müddətə məhdudlaşdırılıb
Bakı, 24 may, AZƏRTAC
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometrlik hissəsinin - 14 kilometrlik “Ağsu dolayları”nın təmiri işlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, uzun müddətdir ki, təmir olunmadığından və intensiv hərəkət nəticəsində yolun asfalt-beton örtüyündə qabarmış və dağılmış hissələr yaranıb. Bunu aradan qaldırmaq üçün təmir işləri zamanı asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınır. Əvəzinə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə yolun 80 min kvadratmetrdən çox ərazisinin asfaltlanması nəzərdə tutulub.
Burada həmçinin yolboyu çiyinlərin bərkidilməsi və küvetlərin təmizlənməsi işləri də aparılır.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Təmirlə bağlı “Ağsu dolayları” ilə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılıb. Sürücülərdən məhdudlaşdırmanın tətbiqi müddəti ərzində alternativ olaraq Muğanlı-İsmayıllı, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi və bu yollara birləşən digər avtomobil yollarından istifadə etməkləri tövsiyə olunur.