CƏMİYYƏT
“Təmiz Şəhər” ASC ali təhsil ocağı ilə əməkdaşlığa başlayıb
Bakı, 29 aprel, AZƏRTAC
“Təmiz Şəhər” ASC Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə əməkdaşlığa başlayıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tərəflər arasında aprel ayında əməkdaşlığa dair imzalanmış müqaviləyə əsasən, ADNSU-nun elmi potensialından istifadə olunaraq tədqiqat işləri aparılacaq. Həmçinin ASC-nin mütəxəssisləri universitetdə tullantıların idarə olunması mövzusunda xüsusi mühazirələr keçəcək. Müəllim və tələbələr səhmdar cəmiyyətin zavodlarını, sənaye parkını, tullantı poliqonunu ziyarət edəcəklər. Bu səfərlər məlumatlandırıcı xarakter daşıyacaq.
Artıq əməkdaşlıq istiqamətində işlər görülməyə başlayıb və “Təmiz Şəhər”in mütəxəssislərinin iştirakı ilə universitetdə bir neçə mühazirə təşkil olunub. Aprelin 28-də isə hər iki qurumun rəhbərliyinin iştirakı ilə geniş konfrans keçirilib. Tədbirdə “Təmiz Şəhər”in idarə etdiyi Balaxanı sanitar poliqonu və sənaye parkı barədə geniş məlumat verilib.
Konfransda çıxış edən ASC-nin idarə heyətinin sədri Zakir İbrahimov elmi-tədqiqat müəssisələri ilə sənayenin iş birliyinin qurulması təcrübəsinin dünyanın inkişaf etmiş ölkələrində geniş yayıldığına diqqət çəkərək, bu təcrübənin Azərbaycanda tətbiqinin hər iki sahənin inkişafı üçün əhəmiyyətli olacağını vurğulayıb.
ADNSU-nun rektoru Mustafa Babanlı isə sənaye müəssisələri ilə əməkdaşlığın tələbələrin biliklərinin artırılmasında və elmi araşdırmalar aparılmasında böyük rolu olduğunu qeyd edib.