CƏMİYYƏT
“Təmiz Şəhər” ASC tələbələrə tullantı poliqonlarının işini öyrədir
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində tullantı idarəçiliyi ilə bağlı üçüncü mühazirə keçirilib.
“Təmiz Şəhər” ASC-nin nümayəndəsi bərk məişət tullantıları poliqonlarında işin təşkilinə dair təqdimatla çıxış edib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tələbələrə Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunun nümunəsində dünyadakı bu tip poliqonların iş prinsipləri barədə məlumat verilib. Gənclər şəhərdən toplanmış və təkrar emala yararsız olan məişət tullantılarının poliqonlarda basdırılaraq zərərsizləşdirildiyini öyrəniblər. Həmçinin Balaxanı poliqonunda son illərdə aparılan yenidənqurma işləri haqqında danışan ASC əməkdaşı buranın artıq Avropa standartlarına tam uyğunlaşdırılmış bir sanitar poliqon kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Bildirilib ki, Bakıdan yığılmış tullantılar basdırılaraq zərərsizləşdirilməsi üçün burada qazılmış, izolyasiya edilmiş 2 böyük hücrəyə qəbul edilir. Hücrələrdəki tullantı suyunun drenaj vasitəsilə toplanılaraq təmizləndikdən sonra suvarma və texniki su kimi istifadə edilməsi nəzərdə tutulub. Hücrələr dolduqda onların üzəri xüsusi örtüklərlə bağlanacaq və üstünə münbit torpaq qatı səpiləcək. Bununla da, poliqon həm yaşıllığı ilə ərazinin ekologiyasına müsbət təsir göstərəcək, həm də ərazidə gözəl mənzərə yaradacaq. Bu hücrələrin sayının 19-a çatdırılması planlaşdırılır. Tullantıların zərərsizləşdirilməsi prosesində isə bioqazın tutulması atmosferə atılan istilik effekti yaradan qazların azalmasına səbəb olacaq. Həmçinin bioqaz ərazidə quraşdırılacaq stansiyada emal edildikdən sonra ondan alternativ enerji kimi elektrik və ya istilik enerjisi istehsal olunacaq.
Mühazirə uyğun ixtisaslarda təhsil alan tələbələr üçün çox faydalı olub. Onlar gələcəkdə çalışacaqları sahə ilə bağlı geniş məlumat əldə etdiklərini bildiriblər.