CƏMİYYƏT
“Təmiz Şəhər” və ADA Universiteti növbəti layihəyə imza atıblar
Bakı, 28 noyabr, AZƏRTAC
“Təmiz Şəhər” ASC maarifləndirmə tədbirləri çərçivəsində ölkədəki müxtəlif təhsil ocaqları ilə əməkdaşlığı davam etdirir.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a bildiriblər ki, bu əməkdaşlıq çərçivəsində “Təmiz Şəhər” ASC ilə ADA Universiteti İqtisad Universitetində (UNEC) tullantıları çeşidləmək üçün xüsusi qutular yerləşdiriblər.
“Təmiz Şəhər” ASC-nin şöbə müdiri Faiq Məmmədov İqtisad Universitetinin tələbələri üçün “Bərk məişət tullantılarının idarə olunması” mövzusunda mühazirə oxuyub. Bildirilib ki, Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda il ərzində 200 min ton tullantını çeşidlənir. Polietilen, karton, kağız, plastik və digər materiallar ümumi tullantı kütləsindən ayrılır və xammal kimi təkrar emal müəssisələrinə göndərilir. Bu tullantıların təkrar emalı ekoloji fəsadların qarşısını alır. Belə ki, əksər qeyri-orqanik tullantıların çürümə prosesi yüz illərlə davam edir.
Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti barədə məlumat verən Faiq Məmmədov, zavodun istehsalat gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisə olduğunu vurğulayıb. Dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə qurulan bu müasir zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində standartlarına tam uyğundur.
Mühazirədən sonra tələbələrin iştirakı ilə universitetdə çeşidləmə qutuları yerləşdirilib.