CƏMİYYƏT
“Təmiz şəhər naminə” yay məktəbində gənclərə iqtisadi layihələrin hazırlanması yolları öyrədilir VİDEO
Şəki, 25 iyul (AZƏRTAC, Mustafa Dadaşov). “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin dəstəyi ilə Şəki şəhərində “Təmiz şəhər naminə” adlı yay məktəbi keçirilir.
AZƏRTAC xəbər verir ki, “Yuxarı Karvansaray” mehmanxana kompleksində təşkil olunan sayca 5-ci maarifləndirici düşərgədə 60 nəfər fəal gənc iştirak edir.
“Təmiz Şəhər” ASC-nin təmsilçisi Vüqar Babayevin bildirdiyinə görə, Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edilməsi ilə əlaqədar olaraq budəfəki yay məktəbi “Yaşıl sənaye” və “Yaşıl iqtisadiyyat” mövzularına həsr olunub.
Beş gün davam edəcək layihənin əsas məqsədi müasir dövrdə ətraf mühitin qorunmasının vacibliyinə xüsusi diqqət ayırmaq, gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaqdır.
Yay məktəbinin iştirakçıları 500 nəfərə yaxın gənc arasından seçilib. Düşərgədə ekologiya və iqtisadiyyat mövzularında təlimlər keçirilir. Gənclərə ətraf mühiti çirkləndirməyən, əksinə fayda verən iqtisadi layihələrin hazırlanması yolları öyrədilir. Yay məktəbinin iştirakçıları komandalara bölünərək “Yaşıl sənaye” mövzusuna aid ideyalarını layihə halına salmağa çalışırlar. Təşkilatçıların və təlimçilərin daxil olduqları münsiflər heyəti təklif olunan layihələr arasından ən yaxşılarını seçərək bu layihələrin həyata keçirilməsinə dəstək olacaqlar.