SİYASƏT
Tengiz Txilava: Azərbaycan dünyaya bir daha sübut etdi ki, necə mühüm tədbirlər keçirməyə qadirdir
Tbilisi, 28 aprel, AZƏRTAC
Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Art-paralel telekompaniyasının direktoru, politoloq Tengiz Txilava söyləyib. O deyib: “Azərbaycan ilk növbədə bütün dünyaya bir daha sübut etdi ki, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların tədbirlərini keçirməyə qadirdir. Digər tərəfdən nəzərə almalıyıq ki, Cənubi Qafqaz çoxmillətli, çoxkonfessiyalı, çoxmədəniyyətli regiondur və bu regionda bütövlükdə dünyanın özü üçün təhlükəli münaqişələr mövcuddur. Azərbaycanın və Gürcüstanın əraziləri işğal olunub, insanlar yurd-yuvalarından didərgin düşüblər. BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və digər əraziləri ilə əlaqədar xüsusi qətnamə və qərarlar qəbul ediblər. Bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyü təsbit olunub və işğalçı qüvvələrin həmin ərazilərdən çıxarılması tələb edilir. Təəssüf ki, bu tələblər hələ də yerinə yetirilməyib və kağız üzərində qalıb. Bu baxımdan da hesab edirəm ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu belə problemlərin həllində də mühüm rol oynayacaq. Məhz bu cür tədbirlərdə açılan müzakirələr, qəbul olunan qərarlar, tövsiyələr əsasında işğal olunmuş bütün ərazilər işğaldan azad olunacaq. Biz Bölgədə sülhə nail olacağıq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi