Tennis üzrə Azərbaycan yığması birinci Türk Universiadasının finalına vəsiqə qazanıb
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 7-də “Şüa” İdman Sağlamlıq Mərkəzində birinci Türk Şurası Universitet İdman Oyunları (Türk Universiadası) çərçivəsində tennis yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, qadınların komanda yarışlarında Azərbaycan millisi Qırğızıstan komandasına 3:0 hesabı ilə qalib gəlib.
Türkiyə yığması da Qırğızıstanı 3:0 hesabı ilə məğlub edib.
Kişilərin komanda oyunlarında isə Azərbaycan yığması Qırğızıstandan 3:0 hesabı ilə üstün olub. Türkiyə millisi də eyni hesabla Qırğızıstan üzərində qələbə qazanıb.
Aprelin 8-də Azərbaycanın qadın və kişi komandaları Türkiyənin müvafiq yığmaları ilə finalda qarşılaşacaqlar.