İDMAN
Tennis yarışlarının altıncı günündə doqquz qarşılaşma keçirilib
Bakı, 17 may, Elvin Camalov, AZƏRTAC
Mayın 17-də İslamiadanın tennis yarışlarının yeddinci günündə kişilər arasında fərdi mübarizənin səkkizdəbir final mərhələsinin iştirakçıları məlum olub.
AZƏRTAC xəbər verir ki, Uqanda təmsilçisi Dunkan Muqabe 1/16 final mərhələsində pakistanlı Aqil Xanı məğlub edərək (6:3, 2:6, 7:6) səkkizdəbir finala yüksəlib.
Digər görüşdə isə Mozambik təmsilçisi Cossefa Simao Eliası 6:1 və 6:0 hesabı ilə mübarizədən kənarlaşdıran Özbəkistan tennisçisi Saidalo Səidkərimov növbəti mərhələyə adlayıb.
Səkkizdəbir final mərhələsinə yüksələn növbəti idmançı Benin təmsilçisi Maqloire Yakpa olub. O, səkkizdəbir finala vəsiqəni Qətər idmançısı Abdulla Alharras üzərində inamlı qələbə (6:3 və 6:2) qazanaraq təmin edib.
Səudiyyə Ərəbistanı təmsilçisi Ammar Alhaqbani səkkizdəbir finalda Yunis Al Ravahi (Oman) üzərində qalib gələrək (6:1,6:4) dörddəbir finala yüksəlib.
Digər görüşdə isə Qətər tennisçisi Zayid Mübarək Şannan Pakistan təmsilçisi Məhəmməd Abidə qalib gəlib (7:5, 6:0).
Səkkizdəbir finala yüksələn növbəti idmançı Malayziya təmsilçisi Abdul Razak Əhməd olub. O, səkkizdəbir finala vəsiqəni uqandalı Devid Orinqa üzərində qələbə (7:5 və 6:1) sayəsində təmin edib.
Xatırladaq ki, fərdi yarışda ölkəmizi təmsil edən Rəsul Qocayev və Filip Nikoliç ötən gün məğlub olaraq mübarizəni dayandırıblar.
Gün ərzində qadınların fərdi yarışında da görüş keçirilib. İran idmançısı Qazal Pakbaten Maldiv tennisçisi Zeina Abdul Raşed üzərində inamlı qələbə qazanıb - 6:1, 6:0.
Tennis yarışlarının yeddinci günündə kişi cütlüklərin mübarizəsində də səkkizdəbir finalın digər görüşləri keçirilib. Rəsul Qocayev-Filip Nikoliç dueti Türkmənistan təmsilçiləri Altumurat Qurbanov-Yurı Roqusski ilə mübarizədə qələbə qazanıb (6:3, 6:7, taybrekdə 10:5).
Digər görüşdə isə Məhəmməd Abid-Aqil Xan cütlüyü (Pakistan) Əmirvala Mədənçi-Aşkan Şükufi (İran) üzərində qalib gəlib (6:3, 6:7) hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib.