SİYASƏT


Teodor Meleşkanu: Azərbaycan-Rumıniya əlaqələri davamlı şəkildə inkişaf edir

Bakı, 13 iyul, AZƏRTAC 

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniya xarici işlər naziri Teodor Meleşkanu arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 ildə ikitərəfli münasibətlərin davamlı olaraq inkişaf etdiyini və hazırda əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və xalqlararası sahələrdə genişləndiyini bildirib. Nazir bu gün Rumıniya və Azərbaycan arasında mövcud çoxşaxəli əməkdaşlığın mütəmadi olaraq genişlənən və dərinləşən möhkəm özülə əsaslandığını qeyd edib.

Elmar Məmmədyarov strateji əməkdaşlıq səviyyəsinə çatmış ikitərəfli münasibətlərin hazırkı statusundan razılığını ifadə edib. Habelə nazir strateji əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutan birgə fəaliyyət planının qarşılıqlı maraq doğuran bütün sahələrdə, eyni zamanda, siyasi, beynəlxalq təhlükəsizlik, iqtisadi və enerji sahələrində əməkdaşlığı gücləndirmək üçün konkret addımları əks etdirən əsas sənəd olduğunu bildirib. Elmar Məmmədyarov sözügedən addımlar arasında siyasi əlaqələrin inkişafının strateji tərəfdaşlığın dərin və hərtərəfli inkişafını təmin etmək üçün əsas prioritet olduğunu qeyd edib.

Nazir, həmçinin Rumıniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləyən davamlı və prinsipial mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Rumıniya xarici işlər naziri Teodor Meleşkanu Elmar Məmmədyarova ünvanladığı məktubunda 1991-ci il dekabrın 11-də Rumıniyanın Türkiyədən sonra Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ikinci ölkə olduğunu vurğulayaraq, həmin tarixdən etibarən iki ölkə arasında əlaqələrin davamlı inkişaf etdiyini bildirib.

T.Meleşkanu Rumıniya və Azərbaycan Respublikası arasında Strateji Əməkdaşlığın yaradılmasına dair 2009-cu il Bəyannaməsinin ikitərəfli münasibətlərin əsasını təşkil etdiyini və bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün əsas yaratdığını qeyd edib.

Həmçinin T.Meleşkanu iki ölkə arasında müsbət əməkdaşlığın və qarşılıqlı faydalı dialoqun Azərbaycan və Rumıniyanın rifahı naminə gələcək illərdə genişlənəcəyinə əminliyin ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.