MƏDƏNİYYƏT
Tərcümə Mərkəzi Minskdə keçirilən kitab sərgisində iştirak edir
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Minskdə keçirilən ənənəvi beynəlxalq kitab sərgisində iştirak edir.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, fevralın 12-də sərgidə mərkəzin təqdimatı, həmçinin Azərbaycanla Belarus arasında ədəbi əlaqələrin inkişafına dair geniş tədbir təşkil edilib. Sərgi salonunun ümumi monitorunda Tərcümə Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, geniş mətbuat konfransı keçirilib. Tədbirdə ölkəmizin Belarusdakı səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanın bu ölkədəki diaspor cəmiyyətinin nümayəndələri, tanınmış yazıçı və naşirləri iştirak ediblər. Tədbirdə Azərbaycan və Belarus dilində şeirlər səslənib, hər iki xalqın milli mahnı və rəqsləri nümayiş etdirilib.
Sonda Belarus İnformasiya Nazirliyinin “Zvezda” nəşriyyat evinin direktoru Aleksandr Karlyukeviçlə Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev arasında birgə layihələrlə bağlı müzakirələr aparılıb, müqavilələr imzalanıb.
Qeyd edək ki, beynəlxalq kitab sərgisi fevralın 14-dək davam edəcək.