MƏDƏNİYYƏT
Tərcümə Mərkəzinin beynəlxalq əlaqələri genişlənməkdədir
Bakı, 25 iyul, AZƏRTAC
İyulun 25-də Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla ərəb dünyası arasında müxtəlif sahələrdə qurulan əlaqələrdən söz açılıb.
Məhəmməd Adil Embarş Tərcümə Mərkəzinin fəaliyyəti barədə çox eşitdiyini söyləyib. Ədəbiyyatın xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın ən qısa və etibarlı körpüsü olduğunu vurğulayan diplomat deyib: “Səfirlik olaraq bu istiqamətdə Tərcümə Mərkəzi ilə əməkdaşlığa hazırıq. Mərakeşlə Azərbaycan çox oxşar ölkələrdir. Bizim ölkəmiz də Azərbaycan kimi, bütün mədəniyyətlərə açıqdır. Düşünürəm ki, Azərbaycanda və Mərakeşdə qarşılıqlı olaraq bir-birinə böyük maraq var və ərsəyə gətiriləcək nəşrlər hər iki ölkənin ədəbi-mədəni həyatına dəyərli töhfələr verəcək”.
Görüşün sonunda qonağa Tərcümə Mərkəzinin son nəşrlərindən olan ərəb dilində “Azərbaycan xalqının tarixi və ya tərcümeyi-halı”, “Azərbaycan-ərəb dili danışıq kitabçası” və digər kitablar hədiyyə edilib.