MƏDƏNİYYƏT
Tərcümə Mərkəzinin yeni nəşri - Migel Delibesin “Seçilmiş əsərləri” kitabı təqdim olunub
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında dünya şöhrətli ispan yazıçısı Migel Delibesin “Seçilmiş əsərləri” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Tərcümə Mərkəzinin direktoru Afaq Məsud çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyətindən, mütəmadi olaraq dünya ədəbiyyatının görkəmli simalarının əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsindən danışıb. Mərkəzin hər zaman kəmiyyətə deyil, keyfiyyətə önəm verdiyinə toxunan Afaq Məsud deyib ki, tərcümə prosesində ciddi ədəbiyyata yer verilməsi olduqca vacibdir. Migel Delibesin “Seçilmiş əsərləri”nin tərcüməsi də bu ənənədən qaynaqlanır.
Tərcümə Mərkəzinin direktoru vurğulayıb ki, hər il 20-30 adda kitabın mərkəz tərəfindən tərcümə olunaraq nəşr edilməsi prosesi bir daha cəmiyyətimizin diqqətini ciddi ədəbiyyata yönəltmək məqsədi daşıyır.
Bildirilib ki, mərkəzin fəaliyyətinin vacib istiqamətlərindən biri də ciddi ədəbiyyatı gündəmə gətirməklə insanların diqqətini sağlam ədəbi mühitə yönəltməkdir. Bütün bu müvafiq proseslərin xarici ölkələrin Azərbaycandakı səfirlikləri vasitəsilə həyata keçirildiyini qeyd edən Afaq Məsud dünya ədəbiyyatı klassiklərini ana dilimizə tərcümə etməklə yanaşı, eyni zamanda, Azərbaycan klassiklərinin əsərlərini də dünyaya çatdırmaq üçün lazımi addımların atıldığını bildirib. Tərcümə Mərkəzi artıq bu istiqamətdə həyata keçirilən tədbirlər planının davamı olaraq bir neçə səfirliklərlə danışıqlar aparır.
Azərbaycan ilə İspaniya ədəbi mühitinin bir-birinə ruhən yaxın olduğunu söyləyən natiq deyib ki, iki ölkə arasındakı mədəni-ədəbi əlaqələr bundan sonra da uğurla davam edəcək.
Tərcümə Mərkəzinin gördüyü işləri yüksək qiymətləndirən İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Jose Luis Diez qurumun rəhbərliyinə minnətdarlığını bildirib.
İspan ədəbiyyatının görkəmli nümayəndəsi Migel Delibesin yaradıcılığından bəhs edən diplomat deyib ki, yazıçı, eyni zamanda, dünyanın müxtəlif dillərinə tərcümə olunan 50-dək kitabın müəllifidir. Migel Delibes bir sıra mükafatlara, o cümlədən, ispandilli ədəbiyyatın ən nüfuzlu mükafatı sayılan “Servantes” mükafatına layiq görülüb. O, “Kafir” romanına görə Nobel mükafatına namizəd göstərilib.
Vurğulanıb ki, yazıçının romanlarında kasıb ispan kəndləri, az qala həyat nişanəsi olmayan xırda şəhərlər, bir sözlə, öz tənhalığının içində vurnuxan insanlar təsvir edilir. Yazıçının mövzu dairəsi olduqca genişdir, o, əsərlərində həyatın yeni-yeni qatlarını əhatə edir, sivilizasiyaların birbaşa tənqidindən fərqli olaraq, onun daşıyıcılarının sosial faciəsini araşdırmağa başlayır. Ona görə də yazıçı vətəndaş müharibəsindən sonrakı ispan ədəbiyyatının görkəmli nümayəndəsi kimi yaddaşlarda yaşayacaq.
Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva Tərcümə Mərkəzinin gördüyü işlərdən məmnunluğunu ifadə edərək atılan addımları yüksək dəyərləndirib, qurumun rəhbəri Afaq Məsuda təşəkkürünü bildirib.
Daha sonra Migel Delibesin “Seçilmiş əsərləri” kitabı iştirakçılara təqdim olunub.
Qeyd edək ki, kitabda yazıçı haqqında məlumatla yanaşı, onun “Sərsəm”, “Altmış yaşlı həyat aşiqinin məktubları”, “Taxtdan salınmış şahzadə” və “Dəfinə” əsərləri yer alıb.