DÜNYA
Tereza Mey hökumətin yeni tərkibini bu gün elan edə bilər
Bakı, 9 iyun, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Tereza Mey Nazirlər Kabinetinin yeni tərkibini bu gün elan edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Sky News telekanalı öz mənbələrinə istinadla məlumat yayıb.
Bir qədər əvvəl Nazirlər Kabinetinin rəsmi nümayəndəsi məlumat vermişdi ki, Mey bu gün Bukinhem sarayına getmək və kraliça II Elizabetdən hökuməti formalaşdırmağa icazə almaq fikrindədir. Bu, formal prosedur olsa da, ona dəlalət edir ki, seçkilərin nəticələrinin mühafizəkarlar üçün qeyri-qənaətbəxş olmasına baxmayaraq, Tereza Mey hökuməti azlıqda formalaşdırmağa hazırlaşır.
Son məlumata görə, indiyədək 650 dairədən 649-da səslər hesablanıb. Londonun Kensinqton rayonundakı məntəqədə seçki komissiyası üzlərinin yorğunluğu səbəbindən bülletenlərin sayılması dayandırılıb. Bu, eyni zamanda yekun nəticələrinin elan olunmasını azı axşamadək yubadacaq.
Hazırda mühafizəkarlar 318, leyboristlər 261, liberal-demokratlar 12, Şotlandiya Milli partiyası 35, qalan digər partiyalar 23 mandat əldə ediblər. Beləliklə, seçkilərdə iştirak edən partiyaların heç bir hökuməti müstəqil surətdə formalaşdırmaq üçün lazımi parlament çoxluğuna yiyələnə bilməyib.