DÜNYA
Tereza Meyə təbrik və müraciətlər
Berlin, 15 iyul, AZƏRTAC
Avropa İttifaqı (Aİ) liderləri Böyük Britaniyanın yeni Baş naziri Tereza Meyi ölkənin Aİ-dən çıxması barədə danışıqlara başlamağı ləngitməməyə çağırıb. Bu həftə Avropa Şurasının sədri Donald Tusk Tereza Meyi Baş nazir postunda işə başlaması münasibətilə ilk təbrik edənlərdən biri olub və məhsuldar əməkdaşlığa ümidvar olduğunu bildirib. O, Britaniya siyasətçisinə məktubunun surətini “Twitter” mikrobloqunda yerləşdirib.
Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker məktubunda vurğulayıb ki, Böyük Britaniya və Avropa İttifaqı Birləşmiş Krallığın yaratdığı vəziyyəti həll etməlidir. Yunker Britaniyanın yeni Baş nazirinin gələcək planlarını bilmək istəyir.
Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Fransua Olland Britaniya hökumətinin yeni rəhbəri ilə telefonla danışaraq onu yeni vəzifəsi münasibətilə təbrik ediblər.
Söhbət zamanı Angela Merkel vurğulayıb ki, Böyük Britaniyanın Aİ üzvlüyündən çıxması barədə danışıqlar da daxil olmaqla iki ölkə arasında dostluq və əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib. AFR hökumətinin başçısı, həmçinin Böyük Britaniyanın Baş nazirini sentyabr ayında keçiriləcək G20 Sammitində görəcəyinə ümidvar olduğunu dilə gətirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin