DÜNYA
Tereza Meyin yeni hökuməti: ədliyyə naziri Maykl Qouv vəzifəsindən azad edilib
Bakı, 14 iyul, AZƏRTAC
Birləşmiş Krallığın Avropa İttifaqında üzvlük məsələsinə dair iyunun 23-də keçirilən referendumda avroskeptiklərin əsas liderlərindən biri olan Böyük Britaniyanın ədliyyə naziri Maykl Qouv vəzifəsindən kənarlaşdırılıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, iyulun 13-də Baş nazir kimi fəaliyyətə başlayan Tereza Meyin hazırda qurmaqla məşğul olduğu yeni hökumətdə Maykl Qouva heç bir vəzifə təklif olunmayıb.
Devid Kemeron hökumətində xarici işlər naziri işləyən Filip Hemmond iyulun 13-də maliyyə naziri vəzifəsinə təyin olunub. Onun xələfi Corc Osborn isə Tereza Meyin Baş nazir postuna təyin olunmasından sonra istefaya gedib.
Hazırda fövqəladə büdcənin qəbul olunmasına heç bir lüzum görməyən Britaniyanın yeni maliyyə naziri Filip Hemmond “Sky News” telekanalına verdiyi müsahibədə yeni büdcə layihəsini həmişəki kimi payızda təqdim edəcəklərini, yayda isə iqtisadiyyatdakı vəziyyəti diqqətlə nəzərdən keçirəcəklərini qeyd edib.
Onun sözlərinə görə, Britaniyanın Aİ-nin tərkibindən çıxması barədə qərar Avropa bazarlarında etimadı sarsıdıb və hazırda onlara pozitiv siqnallar vacibdir.
Böyük Britaniyanın yeni Baş naziri Tereza Mey isə öz növbəsində Angela Merkel və Fransua Ollanda “Breksit” barədə referendumun nəticələrinin dəyişməyəcəyini bildirib, lakin ölkənin Avropa İttifaqından çıxması barədə danışıqlara başlamaq üçün hökumətə əlavə vaxtın lazım olduğunu vurğulayıb.
“Baş nazir bu danışıqlara başlamaq üçün bizə əlavə vaxt lazım olduğunu deyib və prosesin konstruktiv və pozitiv abu-havada keçəcəyinə ümidini ifadə edib”, deyə Baş nazirin administrasiyasında qeyd ediblər.