İQTİSADİYYAT
Tərkibində 100-dən çox yapon iş adamını birləşdirən işgüzar qrup Azərbaycana səfərə hazırlaşır VİDEO
Tokio, 23 iyun, AZƏRTAC
Tərkibində 100-dən çox yapon iş adamını birləşdirən işgüzar qrup Azərbaycana səfərə hazırlaşır. Bu barədə Tokionun tanınmış “HİS” turizm şirkətinin ofisində keçirilən “Azərbaycan - gələcəyin ölkəsi” adlı növbəti seminarda məlumat verilib.
Əvvəlcə “World Investors TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida müəllifi olduğu “Yaponların tanımadığı sürətlə inkişaf edən ölkə - Azərbaycan” bələdçi kitabını seminar iştirakçılarına təqdim edib.
Sonra seminarda çıxış edən “HİS” turizm şirkətinin direktoru Keniçi Kobayaşi, “Libertize.inc” kompaniyasının baş direktoru Toşimutsu Kanayama, “World Investors TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida bildiriblər ki, sentyabrda yapon iş adamlarından ibarət növbəti qrupun Azərbaycana işgüzar səfəri planlaşdırılır.
Seminarda qeyd edilib ki, müstəqilliyini cəmi 24 il əvvəl bərpa edən Azərbaycan qısa zaman kəsiyində nəinki sürətli inkişafa nail olub, eyni zamanda, dünyanın bir çox ölkələrinə maliyyə yardımı göstərən, investisiyalar yatıran qabaqcıl dövlətə çevrilib. Karbohidrogen ehtiyatlarının mənimsənilməsində Azərbaycanın əldə etdiyi uğurlar, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP və TAP layihələri barədə geniş məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Vurğulanıb ki, son illərdə Azərbaycanda ümumi daxili məhsulun həcmi dəfələrlə artıb və bu, ölkənin sürətli inkişafını təsdiqləyir.
Azərbaycanın bir sıra beynəlxalq səviyyəli layihələrə imza atdığı, hazırda Bakıda keçirilən ilk Avropa Oyunlarının bütün dünyanın diqqətini cəlb etdiyi vurğulanıb. Bildirilib ki, iyunun 28-dək davam edəcək yarışlarda Avropanın 50-dən çox ölkəsini təmsil edən 6000 idmançı, 2 mindən çox jurnalist, mindən çox idman mütəxəssisi və çoxsaylı qonaqlar iştirak edirlər. Azərbaycanda bu yarışların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb, yeni idman obyektləri inşa olunub, infrastruktur layihələri həyata keçirilib.
İqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük layihələrin həyata keçirildiyini vurğulayan natiqlər ölkədə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd ediblər.
Seminarda Azərbaycanın sosial-iqtisadi uğurlarını əks etdirən videoçarx nümayiş olunub.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio