ELM VƏ TƏHSİL
“Terminoloji informatika: formalaşma mərhələləri və inkişaf istiqamətləri” adlı ekspress-informasiya nəşr olunub
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Terminoloji informatika: formalaşma mərhələləri və inkişaf istiqamətləri” adlı ekspress-informasiya işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, nəşrin müəllifləri AMEA-nın akademik-katibi, İTİ-nin direktoru, akademik Rasim Əliquliyev və bu elm müəssisəsinin sektor müdiri Əfruz Qurbanova, elmi redaktoru texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovadır.
“İnformasiya Texnologiyaları” nəşriyyatında çapdan çıxmış ekspress-informasiyada müasir dövrdə terminologiya fəaliyyətinin rolu və əhəmiyyəti, bu sahədə mövcud xarici təcrübə araşdırılıb, Terminologiya üzrə Beynəlxalq İnformasiya Mərkəzinin fəaliyyəti və beynəlxalq standartlar təhlil edilib. Bu standartlarda terminologiyanın müxtəlif problemlərini əhatə edən bir sıra məsələlərin əhəmiyyəti və onların tətbiqinin zəruriliyi qeyd olunub. Azərbaycanda terminologiya üzrə milli standartların işlənməsinin vacibliyi əsaslandırılıb.
Tədqiqat işində terminoloji informatika sahəsində aparılan araşdırmaların müasir vəziyyəti və onların müqayisəli təhlili verilib, terminoloji biliklər bazasının yaradılması imkanları nəzərdən keçirilib.
İnformasiya Texnologiyaları İnstitutu elmi şurasının qərarı ilə çapa tövsiyə olunmuş ekspress-informasiyada Azərbaycanda terminologiya fəaliyyətinə informasiya-kommunikasiya texnologiyaları mövqeyindən yanaşmanın zəruriliyi əsaslandırılıb.