DÜNYA
Terrorçuların ofisinin qapadılması qarşılığında ekstradisiya?
Praqa, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Ankarada rəsmi səfərdə olan Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek özünü “Xalq özünümüdafiə dəstələri” (YPG) adlandıran kürd terror təşkilatının fəaliyyəti ilə açıq-aşkar əlaqəyə görə həbs edilən iki Çexiya vətəndaşı barəsində işin yaxşı sonluğuna ümidvar olduğunu bildirib.
Bu barədə L.Zaoaralek türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra məlumat verib. Həbs edilmiş hər iki şəxs – Miroslav Farkas və Marketa Vşelixova bundan əvvəl istintaq zamanı bildiriblər ki, Almaniyanın xüsusi təyinatlı qüvvələrində və Fransanın Xarici legionunda hazırlıq keçiblər.
Çex diplomatiyasının başçısı Türkiyənin Baş naziri Binəli Yıldırımla da danışıqlar aparır. Güman edilir ki, Yunus Əmrə elektrik stansiyasına investisiyalar yatırılması müzakirə olunacaq. Bununla bağlı Çexiya ixrac bankı kredit təqdim edib.
Xatırladaq ki, dekabrın 12-də YPG-nin Praqadakı ofisinin qapadılması elan olunub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa