SİYASƏT
Terrorizm Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri E.Nalbandyanın oktyabrın 24-də mətbuat konfransında səsləndirdiyi fikirlərinə dair şərh verib.
H.Hacıyev deyib ki, terrorizm Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir və bu respublika terroru dəstəkləyən ölkədir. Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə dəstəyi və iştirakı ilə 1980-ci illərin sonundan başlayaraq, Azərbaycana qarşı 30-dan artıq terror-təxribat əməli törədilib. Bu terror əməllərinin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədildiyi əməliyyat-istintaq yolu ilə tam şəkildə sübut olunub.
1994-cü il martın 19-da və iyulun 3-də Bakı metrosunda Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilmiş terror aktları ilə məhz Ermənistan dünyada metro nəqliyyatında terrorun əsasını qoyub. Ermənistan xüsusi xidmət orqanlarının bu əməllərindən nümunə götürən cinayətkarlar 10 il sonra Madrid və London metrolarında terror aktları törədiblər.
Ermənistan dünyada yeganə ölkədir ki, müharibə caniləri “general Dro” və qatı terrorçu Monte Melkonyanı milli qəhrəman elan edib və onların şərəfinə Yerevanda abidələr qoyulub.
Tarixdən danışan Ermənistanın xarici işlər nazirinə XIX əsrdən başlayan daşnak erməni terrorizmini, çar Rusiyasının 1903-cü il 12 iyun tarixli qərarını, beynəlxalq terrorun tərkib hissəsi olan və Ermənistanın xüsusi xidmət orqanlarının tərkibinə keçən ASALA terror təşkilatının törətdiyi cinayətləri xatırlatmaq lazımdır.
Azərbaycan Respublikası bu gün də Ermənistan tərəfindən dövlət səviyyəsində aparılan terrorizmlə üz-üzədir. Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizə işinə verdiyi töhfələr dünya birliyi tərəfindən layiqincə qiymətləndirilir.