REGİONLAR
Tərtər: Azad Qaraqoyunlu kənd sakinlərinin müraciətləri dinlənilib
Tərtər, 19 oktyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə lazımi tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, rayonun hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirakı ilə növbəti görüş Azad Qaraqoyunlu kəndində keçirilib.
Kənd sakinlərindən Mikayıl İmanov, Əvəz Əliyev, Fuad Məmmədov, Əli Abbasov, Hümbət Qurbanov, Novruz Rəhimov və başqaları rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, kəndin təbii qazla və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına görə razılıqlarını ifadə edib, əhalinin həyat şəraitindən, mövcud olan bəzi problemlərdən söz açıblar. Kənddə köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, məktəb binasının əsaslı təmir olunmasına, əkinlərin suvarılmasının yaxşılaşdırılması məqsədilə əlavə subartezian quyusunun qazılmasına ehtiyac duyulduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, infrastrukturun yaxşılaşdırılması, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.
Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov və Milli Məclisin deputatı Sahib Alıyev sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinləyib, onların həlli istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımi kömək göstəriləcəyini bildiriblər.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.