REGİONLAR


Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınır

Tərtər, 6 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Tərtərdə tikinti, abadlıq və quruculuq işləri davam etdirilir, infrastruktur layihələri həyata keçirilir, yaşıllıqlar salınır. Dövlətimizin qayğısı və tərtərlilərin fədakarlığı sayəsində Tərtər şəhəri günü-gündən gözəlləşir, müasirləşir.

AZƏRTAC xəbər verir ki, cari ildə Tərtər şəhərinin prospekt və küçələrinə 7,3 kilometr asfalt-beton, Kovdadıq-Rəcəbbəyli avtomobil yolunda 1,5 kilometr, Təzəkənd avtomobil yolunda 2 kilometr çınqıl örtük salınıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 5 fərdi yaşayış evi, həmçinin Şıxarx qəsəbəsində, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış 78 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evləri inşa edilib. İncə çayı üzərində qəzalı vəziyyətdə olan körpünün tikintisi və Seydimli kənd tam orta məktəbində əsaslı təmir işləri başa çatdırılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Tərtər şəhərində çoxmənzilli yaşayış binalarının, həmçinin 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərinin təmirinə başlanılıb. Ekoloji tarazlığın qorunması məqsədilə yol kənarlarına və rayonun yaşayış məntəqələrində 16 mindən çox müxtəlif növ ağaclar və 4 mindən çox gül kolları əkilib.

Hazırda Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınır, 1176 məcburi köçkün ailəsi üçün yaşayış məhəlləsinin, Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi, Şıxarx qəsəbəsi ərazisindəki “Marağa-150” abidəsi ətrafında abadlıq işləri davam etdirilir. Tikintisi başa çatmış Tarix-Diyarşünaslıq Muzeyində daxili dizayn və tərtibat işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.