REGİONLAR
Tərtər rayonunda XIX əsrin yadigarı olan abidə dağılmaq təhlükəsi qarşısındadır
Tərtər, 17 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Qarabağın səfalı guşələrindən olan Tərtər rayonunun ərazisi tarix və mədəniyyət abidələri ilə zəngindir.
Onlardan biri də rayonun Cəmilli kəndinin ərazisindəki buzxanadır.
Rayon mədəniyyət və turizm şöbəsindən AZƏRTAC-a bildiriblər ki, buzxana XIX əsrin əvvəllərində üç qardaş - Kəniş, Məmməd və Cəmil bəylər tərəfindən inşa etdirilib.
Yerdən 40 pilləkən aşağıda yerləşən buzxananın içərisi qırmızı kərpiclə hörülüb. Qışda buzxananın yaxınlığındakı arxın qarşısı kəsilir və su süni göldə toplanaraq donardı. Sonra isə gölün buzu doğranaraq buzxanada saxlanılır və yay mövsümündə kənddə, həmçinin qonşu kəndlərdə və ətraf rayonlarda ehtiyacı olan insanlara verilirdi.
Təəssüf ki, XIX əsrin yadigarı olan bu abidə hazırda dağılmaq təhlükəsi qarşısındadır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 5177 nömrəli inventar kimi qeydə alınan memarlıq abidəsinin hazırda təmirə böyük ehtiyacı var.