REGİONLAR


Tərtər rayonunda mühüm əhəmiyyətə malik körpü inşa edilir VİDEO

A+ A

Bakı, 29 oktyabr, AZƏRTAC

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Bərdə-İstisu avtomobil yolunun 10-cu kilometrində mühüm əhəmiyyətə malik avtomobil körpüsü inşa edilir.

Bu barədə AZƏRTAC-a tikinti işlərini həyata keçirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Tərtər rayonunun Sarıcalı kəndi ərazisində, Tərtərçay üzərində inşası aparılan 3 aşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 metrdir.

Körpü 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 8,5 metrdir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1,75 metr enində piyada səkilərinin də tikintisi nəzərdə tutulub.

Layihə çərçivəsində 110 metr uzunluğunda beton mühafizə bəndi, 400 metr yanaşma yolları və ümumi uzunluğu 56 metr olan 5 ədəd dairəvi borunun tikintisi aparılacaq.

Tərtər rayonunun Zolgölən və Sarıcalı kəndlərini birləşdirəcək avtomobil körpüsü istismara verildikdən sonra məsafə dəfələrlə qısalacaq və ümumilikdə 11 yaşayış məntəqəsinin 25,6 min əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq.

Bundan öncə isə vətəndaşlar Tərtər və Bərdə rayon mərkəzlərinə getmək üçün 10 kilometrdən artıq yol qət etməli olurdular.

Tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.