CƏMİYYƏT
Tərtər rayonunda piyadanı vurub hadisə yerindən qaçan sürücü həbs edilib
Bakı, 31 avqust, AZƏRTAC
Tərtər rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək qaçan sürücü rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilərək tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 27-də saat 23 radələrində naməlum sürücü Tərtər şəhəri, E.Səfərov küçəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçən piyada - 1928-ci il təvəllüdlü Fərman İbrahimovu vuraraq hadisə yerindən qaçıb. Sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. Fakta görə rayon polis şöbəsinin istintaq qrupunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes-Benz” markalı, “90-PD-279” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Tərtər rayonunun Sarıcallı kənd sakini, 1979-cu il təvəllüdlü Elçin Abdullayev tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.
E.Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulan ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.