REGİONLAR
Tərtər rayonunda tikinti-quruculuq işləri davam etdirilir
Tərtər, 19 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayon Gənclər Mərkəzində 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsi dinlənilib, müzakirələr aparılıb. Bildirilib ki, erməni silahlı birləşmələrinin aprel ayında artilleriya zərbələri nəticəsində Tərtər şəhəri də daxil olmaqla 17 yaşayış məntəqəsində 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 körpələr evi-uşaq bağçasına, qaz, elektrik, su, rabitə təsərrüfatına, əhalinin mal-qarasına və digər əmlaklarına ziyan dəyib. Zərər çəkmiş yaşayış evləri Prezident İlham Əliyevin Sərəncamı ilə təmir-bərpa olunaraq sakinlərin istifadəsinə verilib.
Qeyd edilib ki, erməni silahlılarının cəbhədə törətdikləri təxribatlara baxmayaraq, rayonun sosial-iqtisadi inkişafı, tikinti, abadlıq və quruculuq işləri davam etdirilib, infrastruktur layihələri həyata keçirilib. 2016-cı ilin doqquz ayında rayon üzrə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 108,5 milyon manat təşkil edib. Bu dövrdə Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunub, 7 ədəd çoxmərtəbəli yaşayış binasının fasad hissəsi və girişləri suvanaraq rənglənib. Heydər Əliyev prospektində, E.Hüseynov, F.Qulami, Ş.Qurbanov, M.Mahmudov, V.Hüseynov, F.Əmirov, R.Mürsəlov küçələrində ümumi uzunluğu 8 kilometr olan yollara asfalt örtüyü çəkilib. E.Hüseynov küçəsi genişləndirilib, yeni səki daşları düzülüb, kommunikasiya xətləri qaydaya salınıb, gecə işıqlanması quraşdırılıb. Nizami və Ə.Paşayev küçələrində yeni salınmış nümunəvi məhəllələrdə 2 ədəd idman meydançası tikilib istifadəyə verilib. Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılıb.
Yeni Azərbaycan Partiyası rayon təşkilatı və Kənd Təsərrüfatı İdarəsi üçün yeni binaların tikintisi başa çatıb. Goranboy-Tərtər avtomobil yolunun Sarov kəndi ərazisində, İncə çayı üzərində yeni körpünün tikintisinə başlanılıb. Ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində 30 mindən çox müxtəlif növ ağac və gül kolları əkilib.
Hazırda 100 yerlik uşaq bağçasının və şahmat məktəbinin inşasında son tamamlama işləri aparılır, tarix-diyarşünaslıq muzeyinin və Tərtər çayı üzərində yeni körpünün tikintisi, “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası uğurla davam etdirilir.
Aqrar sahədə əldə olunan uğurlardan bəhs edilərkən bildirilib ki, hesabat dövründə 43,3 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 3,2 faiz çoxdur. Cari ildə rayonda 1035 hektar pambıq becərilib. Hazırda tarlalarda məhsul yığımı davam edir. 2017-ci ildə 3000 hektar sahədə pambıq, 2000 hektarda şəkər çuğundurunun əkilməsi, 20 ton barama istehsalı nəzərdə tutulub. Baramaçılığın gələcəkdə inkişaf etdirilməsi üçün rayonda 120 min ədəd çəkil tingi əkiləcək.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və aqrar sahədə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən ətraflı bəhs edilib.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb. Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov yığıncaqda çıxış edib.