REGİONLAR
Tərtər rayonunun Buruc kəndində səyyar qəbul-görüş
Tərtər, 29 avqust, AZƏRTAC
Tərtər rayonunun rəhbərliyi Buruc kəndinin sakinləri ilə səyyar qəbul-görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda sakinlər rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, kəndin qaz, içməli su, telefonla təmin olunmasına görə razılıqlarını ifadə edib, əhalinin həyat şəraitindən və bəzi mövcud problemlərdən söz açıblar. Kənddə suvarma suyu ilə təminatın yaxşılaşdırılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, məktəb binasının əsaslı təmirinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.